2016-09-28
Estoniya parlamentinin nümayəndə heyəti Azərbaycanda səfərdədir - Yenilənib

Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Səfirliyinin dəstəyi ilə  Estoniya parlamentinin Estoniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Mixail Korb və həmin qrupun üzvü Denis Borodiçdən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri təşkil edilmişdir.

Nümayəndə heyəti 26 sentyabr tarixində, Azərbaycan-Estoniya Parlamentlərarası dostluq qrupunun rəhbəri millət vəkili Hacı Salayev ilə görüşmüşlər.

Estoniya deputatları 27 sentyabr tarixində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov ilə görüşmüş və Ələtdə yerləşən yeni Bakı Limanına baş çəkmişlər.

Daha sonra qonaqlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ilə görüşmüşlər.

Sentyabrın 28-də Mixail Korb və Denis Borodiç ölkəmizin rabitə və yüksək texnologiyalar naziri, Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Ramin Quluzadə tərəfindən qəbul olunmuşlar.

30 sentyabr tarixində isə Estoniya nümayəndə heyəti Xarici İşlər Nazirliyində, nazir müavini Xələf Xələfov tərəfindən qəbul olunmuşdur.

Görüşlərdə ikitərəfli münasibətlərin hazırki vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmış, konkret təkliflər irəli sürülmüşdür.

Keçirilmiş bütün görüşlərdə Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Murad Nəcəfbəyli və Azərbaycan-Estoniya parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri millət vəkili Hacı Salayev iştirak etmişdirlər. 

Səfər çərçivəsində Estoniyalı deputatlar habelə, V Bakı Beynəlxalq Humanitar Forumunun işində də iştirak etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər